"Mxitaryan qorxursa, özünə "pampers" alsın"

29 May, 2019 12:25 | İdman | Baxış sayı: 138
Andrey Kançelskis
Andrey Kançelskis

"Mançester Yunayted"in keçmiş oyunçusu Bakıya gəlməkdən qorxan ermənini ələ saldı

"Mən bunu başa düşə bilmirəm: Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get-oyna da... Nə sayıqlayırsan?". Bunu İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Andrey Kançelskis "Rusfootall"a müsahibəsində "Arsenal"ın futbolçusu Henrix Mxitaryanın "Çelsi" ilə Avropa Liqasının final matçı üçün Bakıya gəlməməsinə münasibət bildirərkən deyib.

Keçmiş yarımmüdafiəçi erməni oyunçunun qərarını gülünc və klounluq kimi dəyərləndirib. "Gülməlidir. Klounluqdur bu! Futbol futboldur, siyasət isə siyasət. Ümumiyyətlə, sənə orada nə edəcəklər? Azərbaycan və Ermənistan arasındakı münasibətlər yoluna qoyulmasa belə, gedib oynamalısan. Sonucda sənə barmağı ilə toxunan da olmayacaq! Ola bilsin, fitə basacaqlar, qışqıracaqlar... Maradonanı da İngiltərənin qapısına əllə qol vurduğu üçün fitə basmışdılar. Amma o, sağdır!.

Əgər belə qorxubsa, özünə pampers alsın. İnsan istəsə, özündən asılı olan hər şeyi edər. Qorxdusa, qorxaq olduğunu etiraf etsin. "Arsenal" rəhbərliyinin yerində olsaydım, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirmədiyi üçün cərimələyərdim. Finalda uduzsalar, günahkar Mxitaryan olacaq. Çünki Bakıya gedib komandasına kömək etmədi".

Kançelskis Bakıdakı oyundan da danışıb. O, "Çelsi"nin daha şanslı olduğunu vurğulayıb."İstənilən halda, yaxşı matç alınacaq. Çünki ingilislər açıq futbol oynayırlar. Oyunun məhsuldar keçəcəyi gözlənilir".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi" - "Arsenal" matçı saat 23:00-da başlanacaq.