Bu gün bütün dünyanın gözü Bakıda olacaq

29 May, 2019 08:38 | İdman | Baxış sayı: 87
UEFA Avropa Liqası
UEFA Avropa Liqası

İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.

Oyun saat saat 23:00-da başlayacaq. Oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunacaq.

Bakıdakı final komandaların avrokuboklarda üçüncü qarşılaşması olacaq. "Çelsi" avrokuboklarda 9-cu dəfə final oyununa çıxacaq. "Zadəganlar" bunların 5-də qələbə qazanıb. "Arsenal" isə 7-ci dəfə UEFA turnirlərində final matçına çıxacaq. "Topçular" bunların yalnız birində qələbə qazana bilib.

"Çelsi"bu vaxta qədər avrokuboklarda İngiltərə təmsilçiləri ilə 17 dəfə qarşılaşıb və bunların 6-da qələbə qazanıb, 4-də isə məğlub olub. 7 qarşılaşma isə heç-heçə bitib. "Arsenal" isə ölkəsinin komandaları ilə Avropada 6 dəfə üz-üzə gəlib. Bunlardan heç birində qələbə qazana bilməyən "topçular", 4 dəfə məğlub olub, 2 dəfə isə heç-heçə edib.