"Formula 1" bitdi - prezident mükafat verdi FOTOLAR

29 Aprel, 2019 08:30 | İdman | Baxış sayı: 61
Mükafatlandırma
Mükafatlandırma

“Mercedes” komandası Bakı qələbəsi ilə rekorda imza atdı

Bakıda növbəti "Formula 1" həyəcanı başa çatdı. Gərgin idman mübarizəsinin yekununda “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub.

Ondan 1,524 saniyə geri qalan komanda yoldaşı, ötənilki Bakı Qran-Prisinin qalibi Luis Hamilton ikinci oldu. İlk üçlüyü liderə 11,739 saniyəlik fərqlə uduzan “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.

“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atdı. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.

Qran-Prinin qalibi Valtteri Bottasa kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib. Dövlət başçısı Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.

İkinci yerin sahibi, “Mercedes”in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının sürücüsü Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Beləliklə, Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsindən - Azərbaycan Qran-Prisindən sonra pilotların mübarizəsinə 87 xalla “Mercedes”in sürücüsü Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel 52 xalla üçüncü, “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 51 xalla dördüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 47 xalla beşinci pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə “Mercedes” komandası 173 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 99, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 64 xalı var.

Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir.

İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva