"Brilliant oğlan" Tokio Olimpiadasına gedir

29 Fevral, 2020 16:05 | İdman | Baxış sayı: 197
Rafael Ağayev
Rafael Ağayev

Rafael Ağayev lisenziyanı vaxtından əvvəl təmin edib

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev (75 kq) Tokio Yay Olimpiya Oyunlarına vəsiqəni vaxtından əvvəl təmin edib.

Zalsburqda keçirilən Karate 1 Premyer Liqa turnirində iki qələbə qazanaraq Olimpiya reytinq xallarını 6795-ə çatdıran idmançımız bu günün nəticələrinə görə ən yaxın izləyiciləri Tomas Skott (ABŞ, 5017,50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957,50) kifayət qədər qabaqlayır.

Xatırladaq ki, daha bir idmançımız İrina Zaretska (+61 kq) Dubayda mövsümün ikinci Premyer Liqa turnirində Olimpiadaya vəsiqəni vaxtından əvvəl təmin etmişdi.

Avropa idmançıları üçün qarşıda iki lisenziya xalları verən və “Tokio-2020”yə birbaşa vəsiqə qazandıran daha bir neçə yarış var. Martın 13-15-də karateçilər Mərakeşin paytaxtı Rabatda Karate 1 Premyer Liqasında, martın 25-29-da Bakıda 55-ci Avropa çempionatında, mayın 8-10-da isə Parisdə Olimpiya çəki dərəcələrində təsnifat turnirində “Tokio-2020”yə vəsiqə qazanmağa çalışacaqlar. Fransadakı yarışın yarımfinalçıları yenidən aralarında görüş keçirəcəklər. Daha yüksək nəticə əldə edən üç idmançı Olimpiadada iştirak hüququna sahib olacaq. Olimpiya reytinqində xal qazanaraq ilk dörd yeri tutan idmançılar bu təsnifat turnirində çıxış etməyəcəklər.