Yaralı Azərbaycan idmançısı ermənini ipponla uddu

26 Sentyabr, 2019 12:20 | İdman | Baxış sayı: 82
Güləş
Güləş

Süleymanov adını 1/4 finala yazdırıb

Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında erməni rəqibinə qalib gəlib.

 Süleymanov 60 kq çəki dərəcəsi üzrə 1/8 final qarşılaşmasında Styopa Darbinyanı məğlub edib. Qalibin müəyyənləşmədiyi əsas vaxt azərbaycanlı idmançının başından zədə alması ilə yadda qalıb. Süleymanov görüşü başı sarıqlı halda davam etdirib. O, qızıl xal bölümündə Darbinyanı ipponla yenərək, adını 1/4 finala yazdırıb.

Eyni nailiyyətə elə bu çəkidə Bakıda keçirilmiş Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının qalibi Turan Bayramov da imza atıb. Həm Bayramov, həm də Süleymanov 1/4 finalda qazaxıstanlı cüdoçularla - müvafiq olaraq, Nursultan Zayzaqaliyev və Marlen Adillə qarşılaşacaq.