Bulvarda Azarkeş Festivalı başladı - giriş sərbəstdir

25 May, 2019 17:02 | İdman | Baxış sayı: 92
Festival
Festival

Uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, futbol bacarıqlarını sınaqdan keçirə bilərlər

Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı başlayıb. Açılış mərasimində ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldo, Baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev və s. şəxslər iştirak ediblər. 

Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 29-a qədər fəaliyyət göstərəcək. İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı qazanacaqsınız. Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

Azarkeş Festivalının ərazisinə giriş sərbəstdir.