Daha bir güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazandı

21 Sentyabr, 2019 14:40 | İdman | Baxış sayı: 41
Şərif Şərifov
Şərif Şərifov

Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi mübarizə aparır

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. Səkkizinci yarış günündə - sentyabrın 21-də sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.

Güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ukraynalı Dmitri Tkaçenko və Qazaxıstan idmançısı Qalinjan Usserbaevi məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimizin növbəti rəqibi slovakiyalı Taymuraz Salkazanov olacaq.

Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) çempionata qələbə ilə başlayıb. Minvon Seoya (Koreya Respublikası) qalib gələn güləşçimiz Ukrayna təmsilçisi Valeri Andreytsevi də məğlub edərək dörddəbir finala yüksəlib. Gürcüstan idmançısı Elizbar Odikadzeni üstələyən Ş.Şərifov yarımfinala adlamaqla "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.