Bakıda rus əkizlər çempion oldular - Putindən təbrik FOTOLAR

21 Sentyabr, 2019 09:14 | İdman | Baxış sayı: 81
Qalib gimnastlar
Qalib gimnastlar

Dina və Arina Averinalar dünya çempionatının ilk iki pilləsində qərarlaşıblar

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib. Rusiyalı əkiz bacılar Dina və Arina Averinalar dünya çempionatının ilk iki pilləsində qərarlaşıblar. D.Averina 91,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və üçqat dünya çempionu adını qazanıb.

Onun bacısı 91,100 xalla gümüş medala sahib olub. İsrailli gimnast Linoy Aşram isə 89,700 xalla çempionatı üçüncü pillədə başa vurub.

Rusiya prezident Vladimir Putin qələbə münasibəti ilə gimnastları təbrik edib. Prezidentin təbrik teleqramı Kremlin saytında yerləşdirilib.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 78,725 xalla 16-cı olub.

Olimpiadaya lisenziya qazanan idmançılar arasında Dina və Arina Averinalar, israilli gimnastlar Linoy Aşram, Nikol Zelikman, Bolqarıstan təmsilçiləri Boriana Kaleyn, Katrin Taseva, ukraynalı Vlada Nikolçenko, Kristina Poqraniçnaya, İtaliya atletləri Aleksandra Aqiurqiuculese, Milena Baldassarri, ABŞ gimnastları Evita Qriskenas, Laura Zenq, yaponiyalı Kaho Minaqava, Belarus idmançıları Anastasiya Salos, Katarina Halkina və təmsilçimiz Z.Ağamirova yer alıblar.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Həmçinin yarışın tərəfdaşı olan “Longines” şirkətinin təsis etdiyi “Prize of Elegance” mükafatının qalibi müəyyənləşib. Belə ki, mükafat ABŞ idmançısı Laura Zenqə təqdim olunub.

Altmış bir ölkədən 300-dən çox idmançının mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.