Hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının təntənəli açılışı olub
Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının təntənəli açılış mərasimi olub.
İstiPress xəbər verir ki, açılış mərasimində Litvanın dövlət və hökumət rəsmiləri, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təmsilçisi Abdul Rahim Bello, Litva Güləş Federasiyasının prezidenti Giedrius Dambrauskas və CISM-in Qafqaz, Qara dəniz və Balkan regionu üzrə əlaqələndiricisi, ehtiyatda olan polkovnik Nevzat Varol və iştirakçı ölkələrin nümayəndə heyətləri iştirak ediblər.
Çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxildir.