Xalı silinən və hakimə kart atan güləşçimizlə bağlı qərar dəyişdi

19 Sentyabr, 2019 16:09 | İdman | Baxış sayı: 184
Güləş
Güləş

Hacı Əliyev təsəlliverici görüşlərdə iştirak edəcək

Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında təsəlliverici görüşlərdə iştirak edəcək.

Mahir Əmiraslanov (57 kq) dünya çempionatına qələbə ilə başlayıb. Qırğızıstan təmsilçisi Ulukbek Joldoşbekovu məğlub edən təmsilçimiz onaltıdabir finalda rusiyalı Zaur Uquevə uduzub.

Üçqat dünya çempionumuz Hacı Əliyev (65 kq) isə ilk görüşündə digər Rusiya güləşçisi Hacımurad Rəşidova məğlub olub. Rusiyalı güləşçilərin dünya çempionatının finalına vəsiqə qazandıqları üçün idmançılarımız təsəlliverici görüşdə iştirak hüququ qazanıblar.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Daha öncə Hacımurad Rəşidova uduzan Hacı Əliyevin hakimlərə etiraz etdiyini, onlara hücum çəkdiyi və qalmaqala səbəb olduğu üçün dünya çempionatından diskvalifikasiya olunduğu deyilirdi.