Futbolda qaydalar dəyişə bilər - oyun 60 dəqiqə oynanılsın

18 İyun, 2017 02:22 | İdman | Baxış sayı: 238
Futbolda qaydalar dəyişə bilər
Futbolda qaydalar dəyişə bilər

Penaltilər seriyası tennisdəki tay-breyk kimi yerinə yetirilə bilər

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarının daha da yaxşılaşdırılması istiqamətində bir sıra təkliflər verib. İstiPress-in təşkilatın rəsmi saytına istinadən məlumatına görə, əsas təklif oyunun müddəti ilə bağlıdır.

İFAB 90 dəqiqəlik "çirkli" deyil, 60 dəqiqə "təmiz" vaxtın oynanılmasını istəyir. Görüşdə fasilələr yarandıqda isə saniyəölçən işə düşməlidir.

Qurumun daha bir təklifi isə belədir: Cərimə meydançası daxilində öz komanda yoldaşından ayaqla ötürmə verilərkən qapıçı topu əlinə götürərsə, baş hakim sərbəst zərbə yox, penalti təyin etsin.

İFAB oyunçunun topu boş qapıdan əllə çıxardığı təqdirdə, qol sayılmasını da təklif edib. 

Nəhayət, təşkilat penaltilər seriyasının şahmat ardıcıllığı üzrə yox, tennisdəki tay-breyk kimi yerinə yetirilməsini istəyir. 

Qeyd edək ki, İFAB-a İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və FİFA daxildir. Qurumun əsas vəzifəsi aktual futbol qaydalarını müəyyənləşdirməkdən ibarətdir.