AFFA-da Bakıya gəlməyə bilet axtaran ingilislərə məsləhət

18 May, 2019 09:40 | İdman | Baxış sayı: 63
Elxan Məmmədov
Elxan Məmmədov

"Məsləhət görərdim ki, daha tez gəlib Bakının gözəlliyindən zövq alsınlar"

AFFA ingilis azarkeşlərə Bakıya Avropa Liqasının final oyunundan bir gün əvvəl deyil, daha tez gəlməyi və şəhərdən zövq almağı tövsiyə edib. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov "The Telegraph" nəşrinə müsahibəsində deyib.

Elxan Məmmədov bildirib ki, Bakı hava limanı daha çox azarkeş qəbul etmək imkanına malikdir və hər iki klub üçün daha çox bilet əlçatan olacaq. Lakin London klubları səfərin maddi-texniki və maliyyə problemləri səbəbindən 6 min həcmində olan cari təxsisatlarını satmağa çalışırlar.

AFFA rəsmisi "Arsenal" və "Çelsi" fanatlarına Bakıya həftənin əvvəli gəlməklə uçuşlara qənaət etməyi təklif edib.

"Əksəriyyət otel və evlərdə qalmağa qənaət etməkdən ötrü oyun günü gəlmək və səhəri gün getmək üçün bilet tapmağa çalışır ki, bu da başa düşüləndir. Bunu bütün dünya üzrə adətən o fanatlar edirlər ki, qonşu ölkələrdə və ya yaxın coğrafi ərazilərdə yaşayırlar. Hazırkı vəziyyətdə isə mən məsləhət görərdim ki, azarkeşlər daha tez gəlib Bakının gözəlliyindən zövq alsınlar".

E.Məmmədov həmçinin hər iki klubu öz azarkeşləri üçün çarter reysləri təşkil etməyə çağırıb. O bildirib ki, Bakı aeroportu bu reyslərə çox aşağı qiymətlə yardım göstərəcək.