Bakının "Şərq nağılı" belə başladı FOTOLAR

17 Sentyabr, 2019 09:02 | İdman | Baxış sayı: 41
Çempionatın açılışı
Çempionatın açılışı

Açılış şousunu prezident və ailə üzvləri də izləyib

Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.  Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar. Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edilib.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırlatdı.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini fəth etdi.

“Nağıllar gerçəkləşəcək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.