Bakıda keçirilən Dünya Kuboku yarışlarına yekun vuruldu

17 Mart, 2019 18:15 | İdman | Baxış sayı: 49
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışları
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışları

Azərbaycan cəmi 1 medal qazandı

Martın 17-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarına yekun vurulub.

İstiPress-in məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən turnirin sonuncu günündə kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində güclərini sınayıblar.

Kişilər arasında dayaqla tullanma yarışlarında Koreya Respublikasından olan gimnast Haksin Yanq 14,970 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukrayna gimnastı İqor Radivilov 14.833 xalla ikinci, rusiyalı Denis Abliazin isə 14,766 xalla üçüncü yerdə qərarlaşıblar.

Daha əvvəl xəbər verdiyimiz kimi, dəstəli at yarışlarında kişilərin mübarizəsində yaponiyalı Kohey Kameyama 15,233 xalla dünya kubokunun qızıl medalını qazanıb. Fransa təmsilçisi Siril Tommason 14,833 xalla ikinci, çinli Hao Venq 14,033 xalla üçüncü olublar.

Kişilərin turnik yarışlarında niderlandlı Epke Zonderland 14,633 xalla bütün rəqiblərini qabaqlayıb. Xorvatiyalı Tin Srbiç 14,600 xalla gümüş, İsveçrə gimnastı Oliver Heqi 14,366 xalla bürünc medal qazanıblar.

Avstraliya təmsilçisi Emma Nedova qadınların gimnastika tiri yarışlarında proqramını icra edərək hakimlərdən 14,100 xal alıb və bütün rəqiblərini qabaqlayıb. Fransa təmsilçisi Marine Boyerin hesabında da eyni xal olub və hakimlərin qərarı o, yarışı ikinci pillədə başa vurub. İlk üçlüyü Yaponiya gimnastı Mana Oquçi 13,200 xalla qapayıb. Azərbaycan təmsilçisi Marina Nekrasova 11,366 xalla dünya kuboku yarışlarında yeddinci olub.

Qadınlar arasında sərbəst hərəkətlər üzrə yarışlarda ABŞ idmançısı Ceyd Keri 14,600 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliya gimnastı Lara Mori 13.866 xalla yarışı ikinci, həmyerlisi Vanessa Ferrari (13,733) isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, Azərbaycan dünya kuboku yarışlarını 1 gümüş medalla başa vurub. Turnirin üçüncü günündə kişilərin halqalarla yarışlarında gimnastımız Nikita Simonov fəxri kürsünün ikinci pilləsində yer alıb.

Turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyıb. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparıb. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.