Bu gün futbolçularımız tarix yaza bilər

16 Noyabr, 2019 08:24 | İdman | Baxış sayı: 55
Azərbaycan millisinin Belfastda məşqi
Azərbaycan millisinin Belfastda məşqi

Komandamız Uels yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununa çıxacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığması ilə qarşılaşacaq. Matç saat 21:00-da start götürəcək.

Beş komandalı E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirib. Hazırda Uels 8 xalla 4-cü pillədə yer alıb. Azərbaycan 1 xalla sonuncu pillədə qərarlaşıb və final mərhələsinə yüksəlmə şanslarını itirib. Qalan 4 komandanın isə mərhələ şansları qalır.

Azərbaycan millisi oyuna itkilərlə çıxacaq. İspaniya "Albasete"sindən dəvət olunmasında texniki problem yarandığı üçün Eddi İsrafilov Uelslə görüşdə iştirak etməyəcək. O, yalnız Slovakiya ilə səfər matçının hazırlıqlarına qatıla biləcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdən çıxarılıb.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarıb - 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıb.