Bakıda möhtəşəm “Şərq nağılı” başladı YENİLƏNİB

16 Sentyabr, 2019 12:18 | İdman | Baxış sayı: 29
Gimnastika
Gimnastika

61 ölkədən 300-dən çox gimnast birinci olmaq üçün yarışacaq

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verilib. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın birinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayırlar.

Milli komandamızın heyətində ilk olaraq Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxacaqlar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda V.Qudis 17-ci, Z.Ağamirova isə 19-cu nömrə altında halqa ilə proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 29 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar.

Saat 09:28

Bakı 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə - bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Dünya çempionatında 61 ölkədən 300-dən çox gimnast birincilik və Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə “səyahətə aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiqlənib.

Çempionatın birinci günündə – açılış mərasimində məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən nəğmələri ilə izləyənlərin qəlbini fəth edəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella üslubunda səsləndirəcək.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Yarışın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Ertəsi gün halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq.