Prezident və xanımından 14 yaşlı çempionumuza təbrik

14 Oktyabr, 2019 08:50 | İdman | Baxış sayı: 52
Aydın Süleymanlı
Aydın Süleymanlı

"Dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın"

Prezident İlham Əliyev dünya çempionu adını qazanan gənc şahmatçı Aydın Süleymanlını təbrik edib. Dövlət başçısının təbrikində deyilir: 

"Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Birinci vitse-prezident Mehriban Əliyevada rəsmi "İnstagram" səhifəsində şahmatçımız Aydın Süleymanlının qalib olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada biləcəyini qeyd edib. “Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”.

Xatırladaq ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

Altı yaşından şahmatla məşğul olan A.Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan A.Süleymanlı 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib.