İdmançılarımız dünya çempionatında - FOTO

14 Sentyabr, 2017 14:48 | İdman | Baxış sayı: 63
Yunan-Roma güləşi
Yunan-Roma güləşi

Litvada güləş üzrə dünya çempionatı keçiriləcək

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-dən 25-dək Litva Respublikasının Klaypeda şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 32-ci dünya çempionatında iştirak edəcək. 

Komandamızı sərbəst güləş növündə Əfqan Xaşalov (57 kq.), Qalib Əliyev (61 kq.), Ağahüseyn Mustafayev (65 kq.), Coşqun Əzimov (70 kq.), Rəşad Yusifli (74 kq.) və Əşrəf Əliyev (86 kq.) təmsil edəcək. 

Güləşin Yunan-roma növündə isə Azərbaycan heyətinin tərkibində Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq.), Sənan Əlmirzəyev (71kq.), Həsən Əliyev (75 kq.), İslam Abbasov (85 kq.), Orxan Nuriyev (98 kq.) və Cavid Feyziyev (130 kq.) çıxış edəcək.

Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq.) və Tatyana Varantsova (53 kq.) sərbəst güləş növündə mübarizə aparacaqlar.

Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası mayor Taleh İsrafilov hazırlayırlar.

Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılacaq.

Dünya çempionatının görüşlərində hakimlik etmək məqsədilə komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də Litvaya yola düşəcəklər. 

Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın tərkibində Dünya və Avropa çempionları, eləcə də Olimpiya oyunlarının, Respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir.