İlham Əliyevdən rekord vuran idmançılara "Twitter"də təbrik

13 Fevral, 2020 11:43 | İdman | Baxış sayı: 49
Güləşçi
Güləşçi

Millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda medal qazanıb

Prezident İlham Əliyev İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib. Təbrik dövlət başçısının "Twitter" səhifəsində yerləşdirilib.  

"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm".

Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb. 3 gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb. Belə ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.