“Qarabağ” son oyununa çıxır

12 Dekabr, 2019 13:59 | İdman | Baxış sayı: 57
"Qarabağ"ın oyunu
"Qarabağ"ın oyunu

Komandamız bayraq böhranı yaşanan “Düdelanj”la mübarizə aparacaq

UEFA Avropa Liqası turnirindəki təmsilçimiz “Qarabağ” bu gün qrup mərhələsində son oyununu keçirəcək.

Komandamız saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.

CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu idarə edəcək baş hakim Kristo Tohver, baş hakimin köməkçiləri Silver Koiv, Sten Klaasen, dördüncü hakim isə Juri Frischer.

Xatırladaq ki, komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. 

Lüksemburqdakı oyunun 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.