"Qarabağ" 31-ci olub

12 Sentyabr, 2017 14:51 | İdman | Baxış sayı: 158
"Qarabağ" futbol klubu
"Qarabağ" futbol klubu

Azərbaycan çempionu yalnız "Maribor"u qabaqlayır

2017/2018 mövsümündə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 32 komandanın heyətindəki futbolçuların ümumi dəyəri açıqlanıb.

İstiPress xəbər verir ki, "Transfermarkt" məbləğin 9,3 milyard avro təşkil etdiyini yazıb.

İspaniya təmsilçisi "Real Madrid" turnirin ən dəyərlisidir. ÇL-in son qalibi 774 milyon avroluq kollektivə sahibdir. İkinci sırada digər İspaniya klubu "Barselona"dır - 706,5 milyon avro. 1,46 milyard avroluq C qrupunda Azərbaycan təmsilçisi "Qarabağ"la birgə yer alan İngiltərə çempionu "Chelsea" siyahıda üçüncüdür. London komandasına 614,4 milyon avro qiymət qoyulub.

Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. Azərbaycan çempionu yalnız 13,9 milyonluq Sloveniya "Maribor"unu qabaqlayır. Kiprin APOEL komandası isə 30-cu pillədədir - 18,5 milyon avro.

Türkiyə təmsilçisi "Beşiktaş" 126,1 milyon avroluq heyətlə 21-cidir. İstanbul təmsilçisinin G qrupundakı rəqibləri Fransa "Monaco"su 252,9 milyon, Almaniyanın "Leyptsiq" komandası 189 milyon, Portuqaliyanın "Portu" kollektivi isə 176,4 milyon avroluq heyətə sahibdir.

ÇL-də mübarizə aparacaq 32 komandanın futbolçuları arasında ən yüksək bazar qiyməti olan "Barcelona"nın kapitanı Lionel Messidir. Argentinalının dəyəri 120 milyon avrodur. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək 11 klubun ümumi dəyərini kölgədə qoyur.

İkinci sıradakı "Real Madrid"in futbolçusu Kriştianu Ronaldunun qiyməti isə 100 milyon avro təşkil edir.