"Qarabağ" “Qarabağ” çempionluğunu rəsmiləşdirdi

12 May, 2019 09:47 | İdman | Baxış sayı: 39
Matç
Matç

Matçda qonaqlar 3:2 hesabı ilə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulub. XXVIII turun son oyununda gümüş mükafatçı "Neftçi" çempionluğu erkən qazanan "Qarabağ"la qarşılaşıb. "Bakcell Arena"da baş tutan matçda qonaqlar qalib gəlib - 3:2.

Oyunda hesabı 15-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Mədətov açıb. Lakin ilk hissənin sonlarına yaxın "Neftçi" 2 qol vurub. Əvvəlcə 38-ci dəqiqədə Emin Mahmudov, 2 dəqiqə sonra isə Canluka Sansone fərqlənib. İkinci hissədə yenidən M.Mədətov ön plana çıxıb. O, 64-cü dəqiqədə hesabı 2:2 edib. Oyunun 90-cı dəqiqəsində isə Riçard Almeyda Ağdam komandasının qələbə qolunun müəllifi olub.

Beləliklə, "Qarabağ" mövsümü 66, "Neftçi" isə 58 xalla başa vurub. Mahir Mədətov 16 qolla mövsümün bombardiri olub.

Qeyd edək ki, oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alıb.