Putin Həbiblə görüşdü, müsəlman idmançıya söz verdi VİDEO

11 Oktyabr, 2018 09:05 | İdman | Baxış sayı: 189
Vladimir Putinlə görüş
Vladimir Putinlə görüş

Rusiya prezidenti Həbib Nurməhəmmədovu şəxsən təbrik edib

Rusiya prezidenti Vladimir Putin qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılarından hesab edilən rusiyalı Həbib Nurməhəmmədovla görüşüb. Görüşdə onun atası da iştirak edib. 

Dövlət başçısı müsəlman idmançını rəqibi irlandiyalı Konor Makqreqor üzərində qələbə münasibəti ilə təbrik edib və deyib ki, o şərəfli, layiqli qələbə qazanıb. Söhbət zamanı prezident idmançının atasından onu ciddi cəzalandırmamağı xahiş edəcəyini də deyib.

Xatırladaq ki, bütün dünyanın diqqətində olan görüş oktyabrın 7-də las Veqasda baş tutub. Döyüşdən sonra Həbibin atası Əbdülmanap Nurməhəmmədov Birinci kanalın efirində deyib ki, Makqreqorla döyüşdən sonra baş verən davaya görə oğlunu cəzalandırmaq niyyətindədir.

"Mən öz daha sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. UFC-nin qadağasından da sərt. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə nə desən etmək olar. Lakin ondan kənarda adi insanlar, qadınlar, uşaqlar var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır". 

Döyüşdən sonra UFC (Ultimate Fighting Championship) döyüşçülərin yeni reytinq siyahısını açıqlayıb. Həbib Nurməhəmmədov yeni reytinq siyahısında altı pillə irəliləyərək ikinci sıraya yüksəlib. Konor Makqreqor isə ikinci pillədən səkkizinci pilləyə geriləyib.

UFC-nin yeni reytinq siyahısının birinci pilləsində ağır və orta çəki dərəcələrində döyüşən amerikalı Daniel Kormye qərarlaşıb.