İlham Əliyev Türkiyəyə qələbə gətirən azərbaycanlı idmançını təbrik etdi

11 Avqust, 2017 15:20 | İdman | Baxış sayı: 153
Ramil Quliyev
Ramil Quliyev

"Tarixdə ilk dəfə olaraq azərbaycanlı yüngül atletika üzrə dünya çempionu olub"

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin adını idman tarixinə yazdıran azərbaycanalı idmançını təbrik edib. İstiPress-in məlumatına görə, dövlət başçısı Ramil Quliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.

Sənə idmanda yeni qələbələr arzulayıram".