İdmançılarımız erməniləri diz çökdürdü

11 Fevral, 2020 09:07 | İdman | Baxış sayı: 55
Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi
Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

Avropa çempionatının birinci günü azərbaycanlılar erməniləri bir-bir sıradan çıxarıblar

Azərbaycan güləşçisi Sənan Süleymanov Romada keçirilən Avropa çempionatının birinci günündə finala vəsiqə qazanıb. Mübarizəyə təsnifat mərhələsindən başlayan Sənan Süleymanov (77 kq) Bolqarıstan bayrağı altında çıxış edən erməni Aik Mnatsakanyan (5:3), səkkizdəbir finalda italiyalı Matteo Maffezzoli (7:0) üzərində qələbə qazanıb. Dörddəbir finalda Yunanıstan güləşçisi Georgios Prevolarakisi 6:4 (tuşe) hesabı ilə üstələyən Azərbaycan pəhləvanının yarımfinaldakı rəqibi Ermənistan güləşçisi Karapet Çalyanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. S.Süleymanovun finaldakı rəqibi macarıstanlı Zoltan Levay olacaq.

Komandamızın üzvü, mübarizəyə dörddəbir finaldan qoşulan Eldəniz Əzizli (55 kq) Ermənistan idmançısı Rudik Mkrtaçyanı böyük hesabla (7:1) məğlub edərək adını yarımfinala yazdırıb. 

Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizəyə təsnifat mərhələsindən start verən İslam Abbasov bürünc medal uğrunda Mirko Minqutsi (İtaliya) - Eyvidas Stankeviçyus (Litva) qarşılaşmasının qalibi ilə görüşəcək.

Sabah Şəriəti (130 kq) isə səkkizdəbir finalda Ermənistan idmançısı David Ovasapyana (3:0) qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda qarşılaşmada rumıniyalı Alin Aleksuk Kiurariuya məğlub olub – 2:3.

Qitə birinciliyinin proqramına əsasən, yunan-Roma güləşçilərinin mübarizəsi fevralın 12-dək davam edəcək. Fevralın 12-14-də qadın pəhləvanlar xalça üzərinə çıxacaqlar. Ayın 14-dən 16-dək isə sərbəst güləşçilər güclərini sınayacaqlar.