Mxitaryan Bakıya gələcək?

10 May, 2019 15:10 | İdman | Baxış sayı: 100
Henrix Mxıtaryan - futbolçu
Henrix Mxıtaryan - futbolçu

UEFA problem yaşanmayacağı ilə bağlı təminat alıb

İngiltərənin “Arsenal” klubunun ermənistanlı yarımmüdafiəçisi Henri Mxitaryan Avropa Liqasının Bakıda keçirilən final oyununda iştirak edə bilər. Bu barədə UEFA məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda iştirakla bağlı hər hansı problem yaşamayacaq: “Futbolçuların UEFA bayrağı altında keçirilən yarışlar zamanı başqa ölkələrə getməsi üçün viza almasına görə assosiasiyalar, klublar və səfirliklər arasında yazışmalar təşkilat üçün standart prosedurdur. Mxitaryanın heç bir problemlə üzləşməyəcəyi ilə bağlı təminat tələb etdik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu oyunçunun Azərbaycana girişi və orada olması ilə bağlı problem yaşanmayacağı və bütün lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini təsdiqləyib”.

Daha əvvəl isə “Daily Mail” həlledici oyun öncəsi erməni futbolçunun viza problemi ilə üzləşdiyini, buna görə “Arsenal”ın oyuna Mxitaryansız çıxacağını yazmışdı.

Qeyd edək ki, erməni futbolçu 2015-ci ildə Almaniyanın Dortmund “Borussiya”sının Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə “Arsenal” 30 yaşlı yarımmüdafiəçini “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.