Ziya Məmmədovun oğlunun federasiyasının işi dayandı

09 Fevral, 2018 15:40 | İdman | Baxış sayı: 131
Anar Məmmədov
Anar Məmmədov

“Azərbaycan Qolf Federasiyası  fəaliyyətini dayandırıb. Çoxdandır ki, federasiyanın qapıları bağlıdır”.

İstiPress-in məlumatına görə, bu barədə "modern.az"a federasiyanın keçmiş işçiləri məlumat verib. Keçmiş işçilər bildiriblər ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmirdi.

“Federasiya fəaliyyətini  qurumun rəhbəri Anar Məmmədovun (eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu-red.) işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. İş ondadır ki, Anar Məmmədovun  federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta, bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var”.

İşçilər Qolf Federasiyasının yenidən təşkil oluna bilməsindən da söz açıblar.

“Yaxın vaxtlarda yeni rəhbərliyin federasiyaya gətirilməsi ilə adıçəkilən qurum işini bərpa edə bilər. Biz də yeni rəhbərlik seçiləcəyi barədə məlumat eşitmişik. Sadəcə kimliyindən xəbərsizik”.

Xatırladaq ki, 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və iş adamı Anar Məmmədov bu federasiyanın prezidenti seçilib. Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçirilən olimpiya oyunları siyahısına salınıb. Anar Məmmədovun hazırda Londonda yaşadığı söylənilir.