Azar "Çelsi"ni tərk etdi

08 İyun, 2019 12:43 | İdman | Baxış sayı: 27
Eden Azar
Eden Azar

Futbolçu artıq "Real"ın tərkibində top qovacaq

Eden Azar “Çelsi” komandasından Madridin “Real” klubuna transfer olub. O, İspaniya komandasının heyətində çıxış etməyi hələ uşaqlıq dövründən arzu etdiyini deyib. 

Yarımmüdafiəçinin yeni klubla müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. Azarın təqdimat mərasimi iyunun 13-də “Sanytaqo Bernabeu” stadionunda keçiriləcək.

“Mənim dostlarım, ailəm, indi bilirsiniz ki, mən “Real”a keçirəm. “Çelsi”ni tərk etmək barədə qərarım mənim karyeramda ən mürəkkəb və ən mühüm qərar olub. Axı bu klubda keçirdiyim hər an mənə zövq verib, bu komandadan getmək barədə heç vaxt fikirləşmirdim. “Real”ın heyətində çıxış etmək lap uşaqlıq dövründən, həyatımda ilk qolu vurduğum vaxtdan mənim arzum olub. İndi karyeramda növbəti fəsil açmağın vaxtı yetişib. Düşünürəm ki, özünün ən böyük arzusunu həyata keçirmək şansı yarananda bizlərdən hər birimiz belə hərəkət edərdi”, deyə o "Facebook"da yazıb. 

Xatırladaq ki, Azar “Çelsi”yə 2012-ci ildə Fransanın “Lill” komandasından keçib. O, London klubunun heyətində iki dəfə (2012/13 və 2018/19) Avropa Liqasının qalibi, Liqa Kubokunun sahibi (2014/15), iki dəfə İngiltərə çempionu (2014/15, 2016/17) və İngiltərə Kubokunun sahibi (2017/18) olub. Bu komandada 352 matç keçirmiş Azar 110 qol vurub və qol ilə nəticələnmiş 92 ötürmə edib.