Gimnastlarımızın bir ili nə ilə yadda qaldı?

08 Yanvar, 2019 08:43 | İdman | Baxış sayı: 17
Bədii gimnastika (arxiv)
Bədii gimnastika (arxiv)

Yığma komandalarımız 85 medal qazanıb

Ötən il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün mühüm uğurlarla yadda qalıb. Gimnastika növləri üzrə yığma komandalarımız ötən il beynəlxalq yarışlarda 26-sı qızıl, 15-i gümüş və 44-ü bürünc olmaqla 85 medal qazanıb.

Bakıda gimnastikanın üç növü üzrə Dünya Kuboku təşkil olunub. Əvvəlcə 25 ölkədən 100-dən çox gimnastın iştirakı ilə idman gimnastikası üzrə Dünya Kuboku keçirilib. Növbəti aylarda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna 26, AGF-in ilk dəfə təşkil etdiyi akrobatika gimnastikası üzrə Dünya Kubokuna isə 7 ölkə qatılıb.

Bakıda ilk dəfə təşkil olunan batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı ilin ən yaddaqalan yarışlarından biri olub. İyirmi beş ölkədən 400-dən çox gimnast gərgin mübarizə aparıb. 

Mühüm uğurlardan biri də İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş bədii gimnastika üzrə qitə birinciliyində əldə edilib. Gənclərin yarışında təmsilçimiz Arzu Cəlilova, qrup hərəkətləri komandalarının mübarizəsində Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Əhmədbəyli və Ayşən Bayramovadan ibarət beşlik bürünc medala sahib olub.

Oktyabrda Buenos-Ayresdə baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bədii gimnastımız Yelizaveta Luzan gimnastika növləri üzrə qarışıq komanda yarışında qızıl medal əldə edib. Həmçinin bu Oyunlarda milli komandalarımızın üç hakimi - Nigar Abdusəlimova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) və Kamil Quliyev (batut gimnastikası) çıxışların qiymətləndirilməsində iştirak ediblər.

Azərbaycan gimnastları bu il birinci “European Gym for Life Challenge” yarışında da çıxış edərək 37 komanda arasında ən yaxşılardan biri seçilib və qızıl medala layiq görülüb.

“TeamGym” komandamız da Portuqaliyanın Odivelaş şəhərində baş tutan 12-ci Avropa çempionatında iştirak edib.

İlin son günlərində isə Milli Gimnastika Arenasında yarış ab-havası əyləncəli şou proqramlarla əvəzlənib. Ötən il olduğu kimi, bu il də tamaşaçılara məşqçilərin ifasında “Qızıl yaş” şousu təqdim olunub. Dekabrın 23-də federasiya ənənəsinə sadiq qalaraq, gimnastikasevərlərə əsl idman bayramı sevincini yaşadıb. “Ağbəniz və 7 cırtdan” nağılının motivləri əsasında hazırlanan Yeni il şousu rəngarəngliyi ilə tamaşaçılarda xoş təəssürat yaradıb.

Ümumiyyətlə 2018-ci ildə Azərbaycan Gimnastika Federasiyası öz qapılarını 111 ölkənin nümayəndələrinə açıb. Ötən il gimnastika növləri üzrə tədbirlərdə iştirak etmək üçün 2 mindən artıq xarici nümayəndə Azərbaycan paytaxtında səfərdə olub. Həmçinin AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda 900-dən çox əcnəbi gimnast gücünü sınayıb.