Uelslə görüş minimal hesabla başa çatıb
Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində dördüncü oyununda məğlub oldu. Yığma komanda Uels kollektivi ilə Kardiff şəhər stadionunda qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Maltadan olan hakimlər briqadasının idarə etdiyi oyunun 26-cı dəqiqəsində millimizin üzvü Pavel Paşayev avtoqola imza atıb. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib - 1:0.
İkinci hissəyə daha fəal başlayan Azərbaycan futbolçuları matçın 59-cu dəqiqəsində istəklərinə nail olublar. Belə ki, Mahir Emrelinin qolu ilə hesab bərabərləşib. Matçın 84-cü dəqiqəsində uelsli futbolçu Qaret Beyl fərqlənərək komandasını hesabda önə çıxarıb və bu, matçda vurulan sonuncu qol olub.
Beləliklə, görüş Uels millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.