Azərbaycan komandası Avropada üçüncü oldu

07 May, 2018 08:50 | İdman | Baxış sayı: 72

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

İstiPress-in məlumatına görə, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayıblar. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurublar.

61 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mircəlal Həsənzadə bürünc medal görüşündə rumıniyalı İvan Quydyaya 2:5 hesabı ilə uduzub.

Osetin legionerimiz Aleksandr Qostiyev (86 kq) Rusiya idmançısı Artur Nayfonovla bacarmayıb. Daha doğrusu, görüş 1:1 hesabı ilə başa çatıb. Lakin son xalı meydan sahibi güləşçisi əldə etdiyindən qızıl medal da ona verilib. Qostiyev isə ardıcıl üçüncü dəfə Avropa çempionatının finalında uduzması ilə yadda qalıb.

Olimpiya və dünya çempionumuz Şərif Şərifova (92 kq) da Avropa çempionu olmaq qismət olmayıb. Onun qarşısını finalda Rusiya idmançısı Əbdülrəşid Sadullayev kəsib. Hər iki Dağıstan avarının görüşündə 2:1 hesabı qeydə alınıb.

Sonuncu gün həlledici görüşdə döşəkdən qalib ayrılan yeganə idmançımız isə ən ağır çəkidə yarışan Camaləddin Məhəmmədov (125 kq) olub. Avar legionerimizin rəqibi Rusiya idmançısı olub. O, Muradin Kuşkova 3:0 hesabı ilə qalib gələrək bürünc medala yiyələnib.

Bununla da sərbəst güləşçilərimiz səkkiz medal (iki qızıl, iki gümüş və dörd bürünc) qazanıblar. 

Xatırladaq ki, yunan-Roma güləşçilərimiz də qazandıqları beş medalla (bir qızıl, iki gümüş və iki bürünc) III yerə çıxmışdılar. Qadın güləşçilərimiz isə beş medalla (bir qızıl, bir gümüş və üç bürünc) IV olmuşdular.

Beləliklə, ümumilikdə güləş millilərimiz qitə birinciliyində 18 medal qazanıblar. Bu nəticə ilə yığmamız komanda yarışında Rusiyadan və Türkiyədən sonra III yerə layiq görülüb.