Azərbaycanın şahmat tarixində ilk - Teymur Rəcəbov adını tarixə yazdırdı

05 Oktyabr, 2019 08:33 | İdman | Baxış sayı: 81
Teymur Rəcəbov - şahmatçı
Teymur Rəcəbov - şahmatçı

Dünya kubokunun qalibi olub qrossmeyster 110 min dollar qazanıb

Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub. O, oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən turnirin finalında çinli Liren Dinqi məğlub edib.

Qrossmeysterlər finalda 10 görüş keçiriblər. Şahmatçılar arasında dörd klassik partiya oynanılıb. Klassik partiyanın birinci görüşündə zəka ustaları xalları yarı bölüblər. İkinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada 45-ci gedişdə rəqibini məğlub edib. Şahmatçıların dördüncü görüşündə də heç-heçə qeydə alınıb - 2:2.

Finalda qalib müəyyənləşmədiyi üçün oktyabrın 4-də tay-breyk qarşılaşmaları oynanılıb. Bilts partiyasında isə ardıcıl iki görüşdə qələbə qazanan T.Rəcəbov turnirin qalibi olub.

Beləliklə rəqibini 6:4 hesabı ilə məğlub edən T.Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub.

Xatırladaq ki, turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.