Bakıda dünya çempionatı başlayır - yollar bağlanır

05 İyun, 2018 08:30 | İdman | Baxış sayı: 136
BMX növü üzrə dünya çempionatı
BMX növü üzrə dünya çempionatı

3 ölkədən 1500-dək idmanaçı yarışacaq

Bu gün Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürəcək. İyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Çempionatın keçiriləcəyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları uğurla təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.

Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib. Azərbaycanda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyən olunub. Onlardan biri də Qafqaz bəbiridir.

Çempionatla əlaqədar paytaxtın bəzi yollarında maşınların hərəkəti dayandırılacaq. 

Bakı şəhər Baş Polis İdarəsinin BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub. 

“Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədi ilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun “Şıx sahəsi” ərazisində, “Dostluq parkı”da yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur.

Qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın Şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyyə olunur. Bibiheybət məscidindən Şimal istiqamətində süni sıxlığın yaranmaması üçün 20-ci sahə dairəsindən dağüstü yolla – Badamdart qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III kənar dairəvi yolla, Şimaldan paytaxt mərkəzinə doğru hərkət edənlər Lökbatan dairəsindən III kənar dairəsi yolla Yasamal rayonu ərazindən qeyd edilən yolla hərəkət edə bilər".

DYP rəsmisi sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verməyi xahiş edib.