Bakının mərkəzində açıq havada idman meydançası açıldı

05 Mart, 2018 16:55 | İdman | Baxış sayı: 144
İdman meydançası
İdman meydançası

Meydança “Street Workout” layihəsi çərçivəsində qurulub

Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub. Açılış 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ilə reallaşıb. Meydança Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə açılıb. Leyla Əliyeva da açılış mərasimində iştirak edib.

İdman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının birgə həyata keçirdiyi “Street Workout” (küçə məşqi) layihəsi çərçivəsində qurulmuş ilk meydançadır. “Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, bu meydançada idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə bilmələri üçün hər cür şərait yaradılıb.

Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən ibarətdir. Ümumiyyətlə, gənclərin mənəvi və fiziki sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi IDEA İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərindən biridir.

Paytaxtımızın incisi olan Dənizkənarı Parkda şəhərimizin sakinlərinə və qonaqlarına xidmət edəcək bu idman meydançası dünyada getdikcə populyarlaşan və sürətlə inkişaf edən “Street Workout” idman növünün ölkəmizdə kütləviliyinin artırılmasına mühüm töhfə verəcək. Gələcəkdə ölkəmizin digər yerlərində də müvafiq idman meydançalarının yaradılması nəzərdə tutulur.