İlham Əliyev və birinci vitse-prezidentdən təbrik mesajı

04 Dekabr, 2017 10:47 | İdman | Baxış sayı: 83
Fərid Qayıbov
Fərid Qayıbov

"Sizə uğurlar arzulayırıq"

Prezident İlham Əliyev və xanımı, birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi münasibəti ilə təbrik ediblər. İlham və Mehriban Əliyevaların təbrikində deyilir: "Sizi Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, bu vəzifədə sizə uğurlar arzulayırıq.

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik edəcək. Bu, Azərbaycanda son illər ərzində gimnastika idman növünün sürətli inkişafının Avropa Gimnastika ailəsi tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, ölkəmizdə ən yüksək standartlara cavab verən Milli Gimnastika Arenasının və bölgələrdə gimnastika bölmələrinin yaradılması haqlı olaraq Avropa Gimnastika İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir.

Sizin də Avropa Gimnastika İttifaqının vitse-prezidenti kimi fəaliyyətinizin bu vəzifəyə seçilməyinizdə böyük rolu olub. Bir daha sizi təbrik edir, sizə uğurlar arzulayırıq."

Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində o, daha çox səs yığıb.

F.Qayıbov 28 səs toplamaqla bu vəzifəyə digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibi Edvard Koları geridə qoyub.