Dövlət Komitəsindən dronlu təxribata cavab

04 Oktyabr, 2019 16:10 | İdman | Baxış sayı: 72
"Qarabağ" matçı
"Qarabağ" matçı

"Avropa şahid oldu ki, ermənilər istənilən radikal təxribatçı addımlar ata bilər"

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Lüksemburqun "Jozi Bartel" stadionunda UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Düdelanj" futbol oyunu zamanı ermənilər tərəfindən edilən təxribatçı hərəkətləri pisləyir.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda xaricdə yaşayan soydaşlarımızın iştirakının təmin olunması üçün Komitə lazımi addımları atıb. Nəticə olaraq Belçika, Niderland, Fransa, Almaniya, İsveçrə, Lüksemburq və digər Avropa ölkələrində yaşayan 350-dən çox soydaşımız stadionda “Qarabağa” azarkeşlik edib. Oyundan əvvəl və oyun zamanı davamlı şəkildə soydaşlarımızla əlaqə saxlanılıb.

Oyun zamanı təxribat törədilməsi- Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin əski parçasının meydanda görünməsi zamanı da azarkeşlərlə dərhal əlaqə yaradılıb, vəziyyət öyrənilib, onların faktla bağlı hərəkət və münasibətləri koordinasiya edilib.

"Avropa ölkələri bir daha şahid oldu ki, azərbaycanlılar Avropada təşkilatlanmış formada fəaliyyət göstərir və bu idman bayramına da kütləvi şəkildə qatılıblar. Ermənilər isə, harada yaşamağından asılı olmayaraq, öz erməni xislətindən əl çəkmir və istənilən radikal təxribatçı addımlar ata bilər.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı təxribatlar zamanı soyuqqanlı olmağa səsləyirik və inanırıq ki, bu təxribatçı hərəkətə hüquqi qiymət veriləcək".