Bakının “Neftçi” və Gəncənin “Kəpəz” klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.
İstiPress-in məlumatına görə, bu barədə “Kəpəz”in Mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
A.Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun meyiti səhər saatlarında yaşadığı evdə aşkarlanıb.
Gəncədəki "Təhsil" İdman Məktəbinin futbol bölməsinin baş məşqçisi İlham Səmədov bildirib ki, Arzu müəllim kirayədə tək yaşayıb. Dünən axşam evə gəlib yatıb. Səhər açılanda ev sahibi nə qədər səsləsə də, cavab verməyib...
İ.Səmədovun sözlərinə görə, A.Mirzəyevin heç bir xəstəliyi olmayıb: "Hərdən yüngül ağrıları olurdu, belini tuturdu. Amma ciddi bir şeyi yox idi. Ölüm səbəbi infarktdır. Ürəyi dayanıb...”.
Mərhum sabah İmamzadə Dini Kompleksində ata-anasının yanında dəfn olunacaq. Dəfn xərcələrinin "Təhsil" İdman Məktəbi və "Kəpəz" klubu tərəfindən qarşılanacağı bildirilir.
Qeyd edək ki, Arzu Mirzəyev 1979 – 1983-cü illərdə “Kəpəz”də, 1984 – 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub.
A.Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra “Kəpəz” və Gədəbəyin “Narzan” komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.