Azərbaycanın iki gimnastı Dünya Kubokunda fərqləndi

03 İyun, 2019 09:09 | İdman | Baxış sayı: 18
Gimnastlar
Gimnastlar

Sloveniyada bir gündə iki dəfə Dövlət Himnimiz səslənib

Azərbaycan Sloveniyanın Koper şəhərində küçirilən idman gimmnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda fərqlənib.  Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ötən gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himnimizi qürurla səsləndiriblər.

Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.

Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq, fəxri kürsünün ilk pilləsində qərarlaşıb.