Azərbaycan idmançılarının böyük qələbəsi

01 Aprel, 2019 19:59 | İdman | Baxış sayı: 53

Yalnız Ukrayna idmançılarından geri qalıblar

Fransanın Tiye şəhərində bədii gimnastika üzrə ənənəvi Qran-Pri yarışlarının final mərhələləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qrup hərəkətləri komandası turnirdə gümüş medala sahib olub. Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın “Çəhrayı pantera” musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23,950 xalla dəyərləndirilib. Bununla da qızlarımız fəxri kürsünün ikinci pilləsinə yüksəliblər. Turnirin qızıl medalına Ukrayna, bürünc medalına isə Rusiya komandası layiq görülüb.

Qrup komandamız çoxnövçülük yarışında 13 komanda arasında beşinci yerdə qərarlaşıb.

Yarışda fərdi çıxışları ilə ölkəmizi təmsil edən Zöhrə Ağamirova isə dörd alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən 15-ci olub.