Braziliya xəstəxanasının yardımsevər itləri (FOTO)

31 Dekabr, 2016 05:39 | Həyat Tərzi | Baxış sayı: 22
Braziliya xəstəxanasının yardımsevər itləri
Braziliya xəstəxanasının yardımsevər itləri

Xəstəxananın həkimləri xərçəng xəstəliyində "it terapiyası"ndan istifadə edir

Paytaxt Braziliadakı xəstəxanaların birində xəstələr xüsusi it cinslərinin dəstəyi ilə müalicə alır. Xüsusi təlim keçmiş psixoterapevt itlər onların tez bir zamanda sağalıb ayağa qalxmalarında və travmalardan qurtulmalarında yardımçı olur.

İstiPress "Cbs News"a istinadən xəbər verir ki, həmin xəstəxanaya iri alman çoban itindən tutmuş ən balaca Şi-tzu cinsinə qədər bir çox ev heyvanları gətirilir. İtlər xəstələrlə bərabər dəhlizlərdə, palatalarda dolaşır və çəkinmədən onların yanında da uzanır. Hətta bu canlıların isti münasibətinə heyran qalan yataq xəstələrinə onları doyunca sevələməyə, qucağına almağa da imkan yaradılır.

Xərçəng xəstəliyinin ilkin mərhələsində olan insanlar üşün nəzərdə tutulmuş xəstəxanada, istər xroniki hal daşıyıcıları, istərsə də ağır travmadan qurtulanlar üçün itlərin iştirakı ilə aparılan müalicə proqramı həm psixi, həm də fiziki reabilitasiya baxımından çox kömək edir.

Bu müalicə proqramı artıq 5 ildir ki, həyata keçirilir. Hazırda da 60-dan çox könüllü heyvan sahibi hər həftə öz ev itlərini xəstəxanaya gətirir. Təbii ki, itlərin xüsusi təlim almaları və tibbi müayinələrdən keçmələri də şərtdir. Yalnız bu yoxlamalardan sonra onların palatalara buraxılmasına icazə verilir. Eyni zamanda heyvanların sakit təbiətli olması, xəstələrə və digər itlərə hürməməsi də tələb olunur.