Toya 1 dollar xərclədilər, 5 günlük bal ayı qazandılar

31 Yanvar, 2017 12:07 | Həyat Tərzi | Baxış sayı: 92
1 dollarlıq toy edənlər
1 dollarlıq toy edənlər

Bir-birini sevən cütlük xərcləri 300 dolları keçdiyi üçün iki dəfə toyu təxirə salıb

Keniyada toy xərclərinə pulları çatmayan gənc cütlük yalnız 1 dollara başa gələn nikah mərasimi ilə internetdə populyar olub.

İstiPress-in BBC-yə istinadən verdiyi xəbərə görə, təxminən 300 dolları ötən xərcləri qarşılaya bilmədikləri üçün keçən il toylarını iki dəfə təxirə salmaq məcburiyyətində qalan Uilson və Enn Mutura cütlüyü, daha çox gözləməmək üçün minimum xərclə evlənməyə qərar verib.

Toy mərasimlərinə gündəlik paltarlarıyla qatılan cütlük, 1 dolları yalnız parlaq polad zinət əşyaları üçün xərcləyib. Cütlüyün rəsmi nikah əməliyyatları isə kilsə tərəfindən qarşılanıb.

Üç il bir-birini tanıdıqdan sonra evlənmək qərarına gələn, ancaq maddi çətinliklər yaşayan 27 yaşlı Uilson və 24 yaşlı Ennin qənaətcil evliliyi sosial mediada da böyük marağa səbəb olub.

Nəticədə turizm şirkətlərindən biri onlara ikinəfərlik 5 günlük bal ayı turu hədiyyə edib.

"Facebook" və "Twitter" istifadəçiləri cütlüyün bu birliyinə "Əhəmiyyətli olan evlilikdir, toy mərasimi deyil", "Bəlkə toy edə bilmədilər, amma çox gözəl bir evlilikləri olacaq" və "Məhəbbət onsuz da 5 ulduzlu otelə bərabərdir" kimi şərhlərlə qiymət verib.