Şimal bölgəsinə xaricilərin böyük axını

30 Sentyabr, 2018 15:28 | Həyat Tərzi | Baxış sayı: 232
Şahdağ turizm kompleksi yayda
Şahdağ turizm kompleksi yayda

Azərbaycan rusiyalı turistlərin aktiv istirahət etdiyi ən populyar dağ kurortları arasında

Bu yay mövsümü Qusardakı Şahdağ turizm mərkəzinə 35 000 nəfər turist gəlib. Bu, əvvəlki illərlə müqayisədə çox yüksək göstəricidir və mərkəzdə yerləşən hotellərdə dincələn insanların 86 faizini xarici turistlər təşkil edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, turistin çoxluğu nəticəsində Qusarda yerləşən digər turizm obyektlərində və fərdi evlərdə də sıxlıq, həm də bahalıq müşahidə edilib. Təkcə bir faktı deyək ki, Qusar şəhərində və Şahdağ istiqamətində yerləşən kəndlərdə 1-2 nəfər üçün bir otağın qiyməti 50-150 manat arasında-şəraitinə görə dəyişib.

Şahdağ turizm kompleksinin strukturunda bu yay mövsümü Nazirlər Kabinetinin qərarılə dəyişiklik edilib. Şahdağ ərazisində srtıq tikinti işləri başa çatdığından və əlavə xərclərə yol verməmək üçün Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti Mədəniyyət Nazirliyinin balansına verilib. Sırf turizm işlərini həyata keçirən Şahdağ turizm mərkəzi Dövlət Turizm Agentliyinin balansında saxlanılıb, dəyişikliyin turizm kompleksinin fəaliyyətinə heç bir mənfi təsiri müşahidə olunmayıb.

Artıq sentyabr ayının 16-da Şahdağda yay mövsümü rəsmi olaraq başa çatıb. Dövlət Turizm Ağentliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən aldığımız məlumata görə, mərkəzdə qış mövsümünə dekabr ayının 1-ci ongünlüyündə - uzağı 15-dək start veriləcək. Qış mövsümündə həm otellərdə, həm də qış turizm-xizək idmanı növləri üzrə qiymətlərə yenidən baxılacaq. Hələliksə, buradakı 5 ulduzlu Şahdağ hotelində və SPA-da 2 nəfər üçün gecələməyin qiyməti bir nəfər üçün 70 manat təşkil edir. 

Bu mövsüm mərkəzdə müşahidə edilən turist sıxlığı Şahdağın MDB üzrə ən aktiv xidməti olan 3 dağ kurortu arasında 2-ci yer tutmasına gətirib çıxarıb. Rusiyanın"Turstat" analitika agentliyinin araşdırmalarına görə qış mövsümündə rusiyalı turistlərin aktiv istirahət etdiyi ən populyar dağ kurortları arasında üçlükdə Qazaxıstan, Azərbaycan və Belarus seçilib. Seçimə görə, rusiyalı turistlərin Şahdağda istirahət müddəti 7-10 gün arasında dəyişib və xidmətin səviyyəsi yüksək olub.

Qeyd edək ki, Şahdağ bu il artıq 6-cı mövsümdür ki, dağ turizmi və xizək idmanı üzrə həm yerli, həm də əcnəbi turistlərə xidmət edib.Artıq 7-ci qış mövsümünə hazırlıq işlərinə start verilib.