Qubada hamının ağzını dada gətirdilər

30 Avqust, 2018 15:40 | Həyat Tərzi | Baxış sayı: 274
Yemək festivalı
Yemək festivalı

Beş rayonun 130-dan çox yeməyi, şirniyyat və çərəzləri sərgilənib

Qubada möhtəşəm"Regional mətbəx günü" festivalı keçirilib. Şəhərin yeni təmir olunmuş Nizamı parkında baş tutan festivalda şimal bölgəsində yaşayan milli azlıqların, etnik qrupların mətbəxinə aid yemək, şirniyyat və çərəzlər sərgilənib. Park boyu nümayiş olunan Qubanın şah plovu, Xaçmazın əriştəli plovu, Qusarın kömbə çörəyə bənzər çkanı, Siyəzənin balıq ləvəngisi, Şabranın qutab və fəsəlisi xüsusi bacarıqla hazırlanıb. 

Regional mətbəx gününün  əsas təşkilatçısı olan Xaçmaz regional mədəniyyət idarəsinin rəisi Nazim Ağayev İstiPress-ə bildirib ki, bu qəbildən olan tədbir respublikada ilk dəfədir keçirilir və bölgənin 5 rayonunun ayrı-ayrı kəndlərindən 130-dan artıq yemək, şirniyyat və çərəz sərgiyə çıxarılıb.

Quba şəhərindəki "Şahdağ" oteli festivala xüsusi çeşidlərlə gəlib.Bu hotelin hazırladığı və xarici turistlərin çox bəyəndiyi milli yeməklər-aş və hər cür dolma, qədim Maxara xörəyi, qarpız qabığından hazırlanmış xüsusi səbətdə karvinq üsulunda meyvə səbəti, italyan şirniyyatları-panakotta, müxtəlif pizza növlərini hər kəs iştahla dadıb. Qusarın ləzgilərə məxsus milli mətbəxi də ağızları dada gətirib. Bu rayonun şakuka, ət, göyərti, ədviyyatlar və qozla hazırlanmış çkanı, yarmalı-toyuqlu plovu, müxtəlif çeşidli və görünüşlü xərək çörəkləri  həm ətri, həm də dadı ilə iştirakçılar tərəfindən xüsusi bəyənilib.

Qubanın icra başçısı Ziyəddin Əliyev mətbəx günü festivalının keçirilməsinin bölgəyə məxsus milli yeməklərin daha da tanınmasına, turistlərin daha çox cəlb edilməsinə xidmət etdiyini deyib. Onun sözlərinə görə, bu da həm Qubanın və ətraf rayonların tolerant olmasının əyani sübutudur.