Ekspedisiyanı daşıyacaq ilk zondun uçuş vaxtı da bəllidir
Çin Mars planetinə iki missiya göndərməyi planlaşdırır. İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Sinhua" agentliyi ölkənin Yanxua əyalətindəki Milli Kosmik İdarəsinin rəis köməkçisinə istinadən məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, Çin 2020-ci ildə "qırmızı planet"ə ilk araşdırma komandasını göndərmək fikrindədir. Bunun üçün həmin ildə Xaynan əyalətindəki "Vençan" kosmodromundan "Çançjen-5" daşıyıcı-raket səmaya buraxılacaq. Zondun Yerdən ayrılmasından sonra 7 ay lazım gələcək ki, o, Marsa çatsın.
İdarənin açıqlamasına görə, ikinci zond ətraf mühit və planetin tərkibi ilə bağlı əldə olunmuş nümunələrin Marsdan Yerə çatdırılması üçün istifadə olunacaq. İkinci uçuşun vaxtı isə hələlik açıqlanmır.
Kosmik araşdırmalarla bağlı Çinin "Ağ kitab"ının yazdıqlarında deyilir ki, çinlilər təkcə Marsın orbitində deyil, onun səthinə çatdırılma və oranın tədqiqi sahəsində də yeni texnologiyalar üzərində işlər görür.