Anomal istidə xəstəxanalıq olmamaq üçün bunları edin

29 İyun, 2018 15:37 | Həyat Tərzi | Baxış sayı: 186
Günvurmadan əziyyət çəkən gənc
Günvurmadan əziyyət çəkən gənc

Günvurmadan qorumağın yolları

Yay gələndən bəri 16 nəfər günvurma ilə əlaqədar paytaxtın təcili yardım stansiyalarına müraciət edib. Anomal istilərin hökm sürdüyü günlərdə günvurmadan qorunmaq üçün nə etmək lazımdır? 

Anomal istilərin davam etdiyi günlərdə küçəyə çıxarkən baş örtüklərindən istifadə etmək və ya çətir götürmək lazımdır. Kətan və pambıqdan hazırlanan papaq və ləçək istidən daha yaxşı qoruyur.

Eyni zamanda, dar sintetik geyimlərdən imtina etmək, bədəndən istiliyin çıxmasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək məsləhətdir, çünki bədəndə istilik buxarlanmayanda istivurma və günvurma müşahidə olunur. Bundan başqa, günvurma zamanı dəridə yanıqlar da əmələ gəlir.

İmmuniteti zəif olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, alkoqollu içki qəbul edənlər günvurmaya daha çox məruz qalırlar.

Qida rasionuna da xüsusi ilə fikir verilməlidir. Maye qəbul edilməli, adi su, meyvə şirələri və ağartı məhsulları içilməlidir.

Çimərliyə birinci dəfə gedəndə günün altında 15 dəqiqədən artıq qalmaq olmaz. Hər gün həmin müddəti 5 dəqiqə artırmaqla günəş vannaları qəbul edilməsinin müddətini uzatmaq olar. Günəş şüalarının daha çox yandırdığı saat 11-dən 17-dək mümkün qədər havaya çıxmamaq lazımdır.