Fətva verildi - Ramazan nə vaxt başlayır?

29 Aprel, 2019 13:57 | Həyat Tərzi | Baxış sayı: 432
Ramazan
Ramazan

Bu il bayram iyunun 5-nə təsadüf edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar fətvası oxunub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

"İnşallah, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Azərbaycan xalqı və dövləti bu böyük və əziz bayramı hər il yüksək səviyyədə qeyd edir. 

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Ramazan duaların qəbul olunduğu bir aydır. Bu ayda müstəqil Azərbaycanımızın banisi mərhum Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı, xalqımızın tərəqqisi naminə əzmlə çalışan dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-Təaladan xeyir-dualar diləyirik. Uca Rəbbimizdən arzumuz budur ki, ölkəmizdə və dünyada sülhü, əmin-amanlığı bərqərar eləsin, xalqımıza işıqlı və firavan gələcəyi, gələn Ramazan ayında iftarlarımızı doğma Qarabağımızda qeyd etməyi nəsib eləsin! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Ramazan ayı ilə əlaqədar verilən fətvanın ölkənin bütün məscidlərində və ibadət yerlərində din xadimləri tərəfindən oxunmasını məqsədəuyğun hesab edir".