İlham Əliyev “Şahdağ”da xizək sürdü, selfi çəkdirdi FOTOLAR, YENİLƏNİB

28 Dekabr, 2019 08:40 | Həyat Tərzi | Baxış sayı: 289
Prezident Şahdağda
Prezident Şahdağda

İşlərlə maraqlanan, tapşırıqlar verən prezident turistlərlə, işçilərlə şəkillər çəkdirib

Ötən gün prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.  “Şahdağ” Turizm Mərkəzinə gələn dövlətimizin başçısı burada xizək sürüb.

Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Dövlət başçısı ən hündür nöqtədə tikilən “Shahdag 2351” kafesinin qarşısında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, burada baxış meydançası yaradılıb, ərazidə ehtiyat helikopter meydançası inşa edilib, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.

Prezident İlham Əliyev yerli və xarici turistlərlə söhbət edib. Turistlər “Şahdağ” Turizm Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildiriblər.

Qeyd edək ki, “Welcome Shahdag” ərazisinin giriş hissəsi abadlaşdırılıb, burada yaşıllıq zolağı salınıb. “Welcome Shahdag” turistlərin mərkəzdə qarşılaşacaqları ilk nöqtədir. Bu ərazidə 363 yerlik yeni avtomobil dayanacağı inşa edilib. Qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün “Welcome Plaza” binası da tikilib. Turist avtomobillərinin rahatlığı üçün isə uzunluğu 1 kilometrə yaxın olan yeni alternativ Zirvə yolu inşa edilib.

Baş Nazirin birinci müavini Yaqub Eyyubov və “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rodderix Leffler bildirdilər ki, 2018-ci ilin martından bu ilin dekabrına qədərki dövrü əhatə edən ikinci faza çərçivəsində “Şahdağ” Turizm Kompleksində ümumi uzunluğu 7,9 kilometr olan 7 eniş zolağı inşa edilib. Bu eniş zolaqlarında 81 yeni qaryaratma avadanlığı quraşdırılıb və qaryaratma üçün lazım olan kommunikasiya xətləri inşa edilib. Şahdağ ərazisində quraşdırılan müasir qaryaratma avadanlıqları ən çox qaryaratma gücünə malikdir. Hazırda kompleksdəki eniş zolaqlarının ümumi uzunluğu 22,8 kilometrə çatır və burada yeni quraşdırılan kanat yolları 1,4 kilometr uzunluğundadır. 600 metrlik 20 saylı kanat yolu “Welcome Shahdag” ərazisi ilə Zirvə lift bazasını, 5 saylı kanat yolu isə 1 saylı kanat yolunun davamı olaraq MTG zonasını 5 saylı eniş zolağının başlanğıcı və ya “Shahdag 2351” kafesi ilə birləşdirir. O da qeyd olundu ki, təbii göl və onun ətrafında tikinti quraşdırma işləri də tamamlanıb. Ərazinin abadlaşdırılması işləri indi də davam edir və 2020-ci ilin yaz aylarında göl ətrafında yeni park zonası istifadəyə veriləcək.

“Şahdağ” Turizm Mərkəzinin “Main Plaza” adlanan ərazisində 2 zalı olan yeni kinoteatr inşa edilib. Zalların biri 36, digəri 72 yerlikdir. Buraya gələn yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında kinoteatr mühüm rol oynayacaq. Bundan əlavə, dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib.

Prezident İlham Əliyev “Şahdağ” Turizm Mərkəzinin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı və xanımı turistlərlə, kompleksin işçiləri ilə xatirə şəkilləri çəkdiriblər.

 27.12.2019- saat 17:34

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.