Azərbaycana böyük axın gözlənilir

27 Noyabr, 2018 16:22 | Həyat Tərzi | Baxış sayı: 322
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi

Bu il 6, gələn il isə 10 ölkədə turizm nümayəndəliyinin açılması planlaşdırılır

Azərbaycanda qış turizm mövsümünün açılışına ciddi hazırlıq işləri görülür.

IstiPress-in şimal bürosunun Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat rəsmisi Kənan Quluzadədən aldığı məlumata görə, ölkəmizdə qış turizmi dedikdə əsasən paytaxt Bakı, Qusar və Qəbələ rayonları nəzərdə tutulur. Bu məkanlardan başqa qış turizmi üçün imkan və şərait olan bölgələrdə də turistlərin qəbulu planlaşdırılır.

Qusarın "Şahdağ", Qəbələnin "Tufandağ "turizm mərkəzinə sifarişlərin indidən çox olması bu qış turizm zonalarında sıxlığın olacağından xəbər verir. Bakıda milad, yeni il və köhnə yeni il bayramlarında yerli insanlarla yanaşı, əcnəbi turistlərin çox olacağı gözlənilir. Kənan Quluzadə bildirib ki, Azərbaycana turist axınını sürətləndirmək üçün bu il 6, gələn il isə 10 ölkədə turizm nümayəndəliyinin açılması planlaşdırılır.

Qış mövsümü adətən dekabr ayının 1-də başlanılsa da Qusarın məşhur "Şahdağ"murizm mərkəzində bu bir qədər ləngiyə bilər. Burada qarın yağmasından asılı olaraq mövsümün dekabrın 2-ci ongünlüyünədək açılması nəzərdə tutulur. Hazırda 11 kanad yolu və 13 sürüşmə zolağı olan Şahdağda bu qış idman növlərinə yeniləri də əlavə olunacaq, yeni tikilmiş kanat yolları və sürüşmə zolaqları açılışa hazırlanır. Qiymətlərin stabil qalacağı deyilsə də otel və xidmətlərdə qiymətlərə yenidən baxılacağı da istisna olunmur.