Azərbaycanda qızların zəhərli sevgisi

27 Fevral, 2018 10:03 | Həyat Tərzi | Baxış sayı: 388
Zəhər
Zəhər

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsini ən tez-tez ziyarət edən pasientlər 15-30 yaş arasında olan qızlardır.

İstiPress-in məlumatına görə, bu barədə "Sputnik Azərbaycan"a tibb elmləri üzrə fəlsəfə doktoru, həkim toksikoloq İsmayıl Əfəndiyev məlumat verib.

O qeyd edib ki, 2017-ci ildə Toksikologiya şöbəsinin həkimləri 2 minə qədər xəstənin həyatını xilas ediblər. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2017-ci ildə ümumilikdə 2 min 16 pasient daxil olub.

"Bizə tez-tez xəstələri xilas etmək nəsib olur. Bizdə ölüm halları çox deyil. Zəhərlənmədən şöbəyə daxil olan pasientlərin cəmi 2%-i ölür" — deyə həkim bildirib. 

Hazırda ən ağır vəziyyət məhz nümayişkaranə şəkildə intihara cəhd edərək yandırıcı mayelər içən gənc qızlarla bağlıdır. Təkcə ötən il analoji simptomlarla xəstəxanaya 300 nəfər daxil olub. Onlardan 239 nəfər essensiya (sirkə turşusunun tünd forması-red.) içib. Yerdə qalan 61 halda qızlar digər yandırıcı maddələr — maye xlor, yod məhlulu, digər qeyri-orqanik turşular, güclü qələvilər, kanalizasiyanın təmizlənməsi üçün vasitələr və digər turşular içiblər.

Baxmayaraq ki, bu vasitələr sevgini geri qaytarmağa kömək eləmir, amma orqanizmə güclü zərər vurur.

"Azərbaycanda böyük problem yandırıcı maddələrdən zəhərlənmələrdir. Pasientlərin 14,9% —i yandırıcı maddələrdən zəhərlənmə ilə əlaqədar bizə müraciət edib. Bunlar ilk növbədə sirkə turşusundan zəhərlənmələrdir. Belə hallarda dərhal xəstəxanaya müraciət etmək lazımdır. Çünki bu zaman hər dəqiqə böyük rol oynayır. Turşu konsentratı mədə pozğunluğuna yol açır, qanaxmaya səbəb olur, qanın tərkibini məhv edir" — deyə Əfəndiyev bildirib.

Bu cür zəhərlənmələr heç də həmişə intiharlarla bağlı olmur. Misal üçün, uşaqlar bilmədən lazımsız şeyləri içirlər. Lakin böyüklərlə əlaqəli halların çoxu qadınlarla bağlıdır. Onlar bir çox hallarda həyatlarındakı boşluğu belə maddələri içməklə doldurmağa çalışırlar. 

Toksikologiya şöbəsinə daxil olan zəhərlənmə halları arasında ən geniş yayılanlardan biri də dərman preparatları ilə zəhərlənmədir. Ötən il 714 nəfər — ümumi müraciət edənlərin 35,4%-i dərmandan zəhərlənənlər olub. Bunlar bəzən dərmanların intihar məqsədilə qəbulu zamanı baş verir. Bəzən uşaqlar böyüklərin onların əli çatan yerdə qoyduğu dərmanları udması nəticəsində baş verir. Bəzən isə, hansısa dərmanlar insanlarda allergik reaksiyalar doğurur.

Tibb işçiləri narkomanlarla da işləmək məcburiyyətində qalırlar. Həkimlər tez-tez olmasa da, artıq dozada narkotik maddələr qəbul etmiş şəxsləri xilas etməli olurlar. Əfəndiyevin sözlərinə görə, Azərbaycan üçün opiatların qəbulu daha aktualdır, xüsusilə də heroin və opiumun.

KTM-ə həmçinin alkoqoldan zəhərlənənləri də gətirirlər. Ötən il bu cür halların sayı 96 olub. Bu zəhərlənmənin əsas səbəbi adi spirtin həddindən artıq qəbuludur. Lakin 2017-ci ildə surroqat məhsullardan zəhərlənmə halı baş verməyib.

Camaat arasında neft məhsullarından zəhərlənmə (21 hal) halları da qeydə alınıb.

"Adamlar keçmişdə olduğu kimi anginanın müalicəsi üçün neft məhsulları ilə qar-qar edirlər. Yaxud bir qabdan digər qaba benzin tökmək üçün şlanqı sorarkən onu udanlar var. Azacıq benzini udman zəhərlənmək üçün kifayətdir. Bu toksiki maddədir" — deyə həkim izah edib.

Analoji hal 18 fevral 2018-ci ildə Mingəçevirdə baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Vaqif Mustafayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlum olub ki, o, qurdlardan xilas olmaq üçün qonşusunun məsləhəti ilə benzin içib. 

Əfəndiyevin sözlərinə görə, yay aylarında ən geniş yayılmış zəhərlənmə halları bitkilərin üzərinə səpilmiş pestisidlərdən zəhərlənmələrdir. Kənd yerlərində işləyənlər çox tez-tez belə halla üzləşirlər.

Bəzən ərzaq məhsullarının yaxınlığına qoyulmuş siçan zəhərindən zəhərlənmiş ağır vəziyyətdə olan xəstələri gətirirlər.

Bütün bunlarla yanaşı, dəm qazından zəhərlənmələrin sayı 2016-cı illə müqayisədə 2017-ci ildə demək olar iki dəfə azalıb. Əgər 2016-ci ildə dəm qazından 470 zəhərlənmə halı qeydə alınıbsa, 2017-ci ildə bu rəqəm 272 olub. Dəm qazından zəhərlənmələrin azalmasını həkim qaz cihazlarının yoxlanılması və verilən məişət qazının keyfiyyətinin yaxşılaşdırılması ilə izah edib.