Maqnit qasırğası başlayır - Rəsədxanadan XƏBƏRDARLIQ

26 Sentyabr, 2019 10:45 | Həyat Tərzi | Baxış sayı: 169
Maqnit qasırğası
Maqnit qasırğası

Baş ağrıları, miqren, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gələ bilər

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan verilən məlumata görə, proqnoz dövründə (26 - 28 sentyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb kimi CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektini göstərmək olar. Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik (Kp=2, 3), lakin fasilələrlə fəal şərait (Kp=4) müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən 27 sentyabr tarixində günün ikinci yarısından etibarən G1-Minor səviyyəli (Kp=5) maqnit qasırğasının olacağı və fasilələrlə G2-Moderate səviyyəli (Kp=6) qasırğaya çevriləcəyi gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə (Kp=4) əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur.

Qeyd edək ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı olçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhət görülür, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.